Qafqazinfo.az — Xəbər Portalı
Aparıcı xəbər portalının köhnə sistemdən köçürülməsi — link strukturu qorunmaqla, Redis keşi və şəkillərin anında optimallaşdırılması ilə sürətləndirilmiş mobil-öncəlikli sayt.
Layihə haqqında
Qafqazinfo.az Azərbaycanın ən çox oxunan xəbər portallarından biridir. Sayt o dövrdə PHP üzərində qurulmuşdu və illər ərzində yığılmış minlərlə xəbər səhifəsi Google-da yaxşı mövqelərdə idi. Bizim qarşımızdakı vəzifə saytı yenidən qurmaq, amma bu axtarış trafikinin bir dənəsini belə itirməmək idi.
Məzmunun köçürülməsi
Mövcud saytın bütün arxivini oxuyan parser yazdıq. Parser köhnə səhifələri gəzib xəbərləri, kateqoriyaları, tarixləri və şəkilləri yeni verilənlər bazasına köçürdü — heç bir məqalə əl ilə yenidən daxil edilmədi.
Axtarış trafikinin qorunması
Yeni sayt fərqli URL strukturu tələb edirdi. Ona görə də köhnə linklərin hamısını yeni ünvanlara yönləndirən (301) xəritə hazırladıq. Nəticədə:
- Google-un indeksindəki köhnə linklər sınmadı
- Xarici saytlardan gələn keçidlər işləməyə davam etdi
- Axtarışdan gələn trafik miqrasiyadan sonra da yerində qaldı
Sürət — Redis keşi
Xəbər saytında eyni səhifə dəqiqədə minlərlə dəfə açılır. Səhifələri və ağır sorğuların nəticələrini Redis-də keşlədik. Bu, verilənlər bazasının üzərindən yükü götürdü və səhifə açılma müddətini kəskin şəkildə azaltdı.
Şəkillər — səhifənin ən ağır hissəsi
Xəbər saytında səhifə “çəkisinin” böyük hissəsini mətn yox, şəkillər təşkil edir. Ona görə də şəkilləri ayrıca iş kimi götürdük.
Əvvəlcə fayl strukturunu qaydaya saldıq: köhnə saytda bütün şəkillər praktiki olaraq bir qovluğa yığılırdı və illər keçdikcə həmin qovluq on minlərlə faylla dolmuşdu — bu isə həm fayl sistemini yavaşladır, həm də ehtiyat nüsxə və köçürmə işlərini çətinləşdirir. Yeni sistemdə şəkillər tarixə görə iyerarxik qovluqlara bölünür, hər qovluqda idarə oluna bilən sayda fayl olur.
İkincisi, şəkillərin ölçüsünü anında (on-the-fly) optimallaşdırdıq. Redaktor şəkli necə var, elə də yükləyir — sistem isə sorğu anında ondan lazımi ölçüdə variant hazırlayır, sıxır və nəticəni keşləyir. Beləliklə:
- Redaktor şəkli əl ilə kəsib ölçüsünü dəyişməli olmur
- Telefonda oxuyan istifadəçiyə masaüstü üçün nəzərdə tutulmuş nəhəng fayl getmir
- Hər variant yalnız bir dəfə hazırlanır, sonrakı sorğular keşdən cavablanır
Bu, mobil internetdə səhifənin açılma sürətinə birbaşa təsir etdi.
Mobil-öncəlikli yanaşma
Statistika göstərirdi ki, oxucuların əksəriyyəti xəbəri telefondan oxuyur. Ona görə də bütün diqqəti mobil brauzer versiyasına yönəltdik — mobil səhifə əvvəl dizayn edildi və optimallaşdırıldı, masaüstü versiya ondan sonra gəldi.
Sayta texniki dəstəyi artıq biz göstərmirik, lakin o dövrdə hazırladığımız dizayn və arxa plandakı proqram təminatı bu gün də istifadə olunur.